Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş ataraq vaqonların şüşələrini sındıran azyaşlılar saxlanılıblar VİDEO
Bakı, 10 noyabr, AZƏRTAC
Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni hal iki dəfə - noyabrın 4-də və 6-da təkrarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlayıblar. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı həmin hadisələri törədən şəxslər qısa zamanda müəyyənləşdirilərək saxlanılıblar.
Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.
Polis Şöbəsinin əməkdaşları hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparıb və övladları üzərində nəzarətin daha da gücləndirməyin vacibliyini onların diqqətinə çatdırıblar.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırma tədbirləri davam etdirilir.