Bakıda beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir şəxs tutulub VİDEO
Bakı, 10 noyabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə paytaxt sakini Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq Baş İdarəyə gətirilib. Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 bağlamada satış üçün qablaşdırılan 2 kiloqram 145 qram heroin və 130 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsilə paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilən narkotik vasitələrin qanunsuz dövriyyəsi təşkil edilib. Aydın Məmmədov bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.