Beyləqanda şəhidlərin xatirəsinə abidə tikilib VİDEO
Beyləqan, 11 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonunun Sarısu qəsəbəsində şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub. Açılış mərasimi həm də abidə üzərində şəkli olan şəhid Vüsal Abdullayevin anım gününə təsadüf edib.
Açılış mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə üzərində şəhidlərimiz general Polad Həşimovun, Vüsal Abdullayevin, Mikayıl Mikayılzadənin və Elnur Qənbərovun şəkilləri əks olunub.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edənlər Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan şəhid Vüsalın da anım günüdür. Onun vətənpərvərlik dolu həyat yolundan söhbət açanlar bildiriblər ki, Abdullayev Vüsal Şakir oğlu 1986-cı il martın 15-də Beyləqanın Sarısu kəndində anadan olub.
Vətənə sadiqliyi ilə seçilən Vüsalın 44 günlük Zəfər yürüşündə göstərdiyi qəhrəmanlıqlar dilə gətirilib, onun bir çox uğurlu tapşırıqda mühüm rolu olduğu söylənilib. Füzulidən Qubadlıya kimi döyüş keçən Vüsal noyabrın 4-də Qubadlı şəhəri uğrunda gedən döyüşdə şəhid olub.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib. Şəhid Vüsalın təltif olunduğu “Qubadlının azad olunmasına görə” medalı atasına təqdim edilib.
Qeyd edək ki, Vüsal Abdullayev “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.