Şəhid Famil Həsənzadənin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib VİDEO
Beyləqan, 12 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsinin şəhidi Famil Həsənzadənin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Famil Həsənzadənin doğulub boya-başa çatdığı Kəbirli kəndində şəhidin xatirəsini əbədiləşdirən bulaq istifadəyə verilib. Mərasimdə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüşçü yoldaşları, kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bildirilib ki, Famil Həsənzadə 1994-ci il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Hələ azyaşlı vaxtlarından Vətənə sevgi ilə böyüyən Famil gələcəkdə hərbçi olmağı arzu edib. Famil Həsənzadə 2011-2012-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib və 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmətçi kimi fəaliyyətini davam etdirib. Minaatan komandirləri kursunu bitirib. “N” saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət edib. Hərbin sirlərinə yiyələnərək, gizir rütbəsinə qədər yüksəlib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması üçün başlanan əks-hücum əməliyyatlarında Famil də ilk döyüşə atılanlar sırasında yer alıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Famil Həsənzadə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.