Vətən müharibəsi şəhidi Şahin Hüseynlinin anım günündə bulaq istifadəyə verilib VİDEO
Beyləqan, 12 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Şahin Hüseynlinin xatirəsi anılıb. Şəhidin anım günündə bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günü tədbirində şəhidin ailəsi, döyüşçü yoldaşları, məktəblilər, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Öncə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və tariximizə yazılan şanlı Qələbədən söhbət açıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu hərb meydanında əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Döyüşlərdə düşmənin 30 illik sədlərinin yarılması isə ilk gündə gerçəkləşdi. Qəhrəman Azərbaycan oğulları torpaqlarımızın düşməndən azad edilməsi üçün canlarından keçdilər. Həmin qəhrəmanlardan biri olan Şahin Hüseynli Vətən müharibəsi zamanı əks-hücum əməliyyatında tankçı kimi döyüşlərə ilk qoşulanlar sırasında olub. Açdığı dəqiq atəşlə düşmənin bir çox zirehli texnikasını və canlı qüvvəsini məhv edən Şahin və döyüşçü yoldaşları düşmən sədlərinin yarılmasında xüsusi şücaət göstəriblər. Şəhidlər hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaq.
Şəhidin xatirəsinə inşa edilən bulağın açılışında məktəblilərin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.
Qeyd edək ki, Şahin Hüseynli döyüşlərdə göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.