Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs tutulub VİDEO
Gəncə, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş Vəfadar Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif sellofan və kağız bükümlərdə, külli miqdarda heroin aşkar edilib. Maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.