REGİONLAR
Tovuz rayonunda 10 yeni subartezian quyusu qazılacaq VİDEO
Tovuz, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Tovuz Suvarma Sistemləri İdarəsi suvarma mövsümünün başa çatmasına baxmayaraq, növbəti ildə suvarmada çətinliklərin yaranmaması üçün işlərini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarə ötən il 23379 hektar sahənin suvarmasını təmin edirdisə, artıq suvarılan sahələr genişlənərək 82696 hektara çatıb. Hazırda idarənin balansında olan 977 kilometr uzunluğunda arx və kanallarda 378000 kubmetr lildən və kol-kosdan təmizləmə işləri aparılıb. Bostan arxının 16 kilometrindən 2,8 kilometri beton üzlüklə üzlənib.
Rayonun suvarılan sahələrinin bir qismi indiyədək Kür çayı üzərində qurulmuş üçpilləli nasos stansiyası, Qızıl ulğun nasos stansiyası, Qara su, Əlibəyli, Yuxarı Mülkülü, Hacallı, Vahidli, Aşağı Öysüzlü, Düz Cırdaxan və Qovlar nasos stansiyaları vasitəsilə suvarılırdı. Artıq idarənin balansına verilmiş subartezian quyuları və Ceyrançol ərazisini su ilə təmin edən Poylu nasos stansiyası da sahələrin suvarması üçün istifadə edilir. İdarə tərəfindən stansiyada təmir-bərpa işləri aparılır, texniki qurğular, istifadəyə yarasız borular yenisi ilə əvəzlənir.
Qeyd edək ki, son aylarda 219 ədəd subartezian quyusunda cari təmir işləri görülüb, 41 ədəd subartezian quyusunda təmirə yaramayan nasosların əvəzinə yeni nasoslar quraşdırılıb. Həmçinin 20 ədəd subartezian quyusunda idarəetmə şitləri və sayğaclar yeni çəpərləmə daxilində quraşdırılıb. Ötən il Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 18 subartezian quyusu qazılıb və bu il istismara verilib. Dövlət başçısının müvafiq sərəncamına əsasən bu il Tovuz rayonu üzrə suvarma suyuna olan tələbatın yaxşılaşdırılması üçün daha 10 yeni subartezian quyusunun qazılması planlaşdırılır.