CƏMİYYƏT
Şəkidə oğurluq və dələduzluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı instaqramda tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədovun ondan 1450 manat məbləğində pul aldığı müəyyənləşib. Həmçinin məlum olub ki, o, zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1450 manatın qarşılığında ona 2500 manat qaytaracağını vəd edərək həmin şəxsi aldadıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin Şəki rayonunun daha bir sakininin kartından pul oğurladığı da müəyyən olunub. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pul olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.
Faktlarla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və Şəki Şəhər-Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.