REGİONLAR
İmişlidə şəhid Sabir Əzizlinin xatirəsinə bulaq inşa olunub VİDEO
İmişli, 15 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə şəhid Əzizli Sabir Hikmət oğlunun adını daşıyan bulaq inşa edilib və ad günündə istifadəyə verilib. Açılış mərasimində şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, döyüşçü yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Sabir Əzizlinin xatirəsi ad günündə bir daha yad olunub. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Sonra şəhidin xatirəsinə tikilən bulağın açılışı olub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsindən danışıblar.
Şəhidin həyat yolundan və qəhrəmanlığından söz açan əmisi İlham Əzizov bildirib ki, Sabir 1998-ci ildə dünyaya göz açıb. Hələ uşaq yaşlarından nümunəvi övlad olması ilə seçilib. Vətən müharibəsində Sabirə çağırış gələn zaman bir an belə tərəddüd etmədən Bakı şəhərində çalışdığı işi dayandıraraq, hərbi komissarlığa üz tutub. Sabir Vətən eşqi ilə döyünən böyük ürəyə sahib olub və döyüşlərdə göstərdiyi qəhrəmanlığı ilə fərqlənib. O, Füzulidən başlayaraq Qubadlıya qədər döyüş yolu keçib.
Vətən müharibəsi qazisi Elnur Bəbirli qeyd edib ki, Sabir atıcı silahdan istifadə etsə də, döyüş yoldaşı şəhid olduqdan sonra onun pulemyotunu götürərək sona qədər döyüşüb. Düşmənin saysız canlı qüvvəsini də elə şəhid yoldaşının silahı ilə məhv edib, onun qisasını alıb. Oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı Şiştəpə adlı yerdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Sabir Əzizli “Vətən uğrunda”, “Cəsur döyüşçü, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə medalları ilə təltif olunub.