REGİONLAR
Fermer taxıl sahəsini sığortalamaq üçün nə qədər ödəyəcək? VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Aqrar Sığorta Fondu respublikanın regionlarında taxıl (buğda və arpa) sahələrinin sığortalanmasına həsr olunmuş videoçarx hazırlayıb. Videoçarxda ölkənin ayrı-ayrı bölgələrində 1 hektar taxıl sahəsinin sığortalanması üçün fermerlərin ödəyəcəyi məbləğlər sadalanır.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahələrinin sığortalanması üçün sığorta haqları hesablanarkən əkin sahəsinin yerləşdiyi region, məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınır.
Videoçarxda göstərilən rəqəmlər ölkə üzrə orta göstəricilərə əsasən hesablanıb və 1 hektar sahənin sığortalanması üçün fermerin ödəyəcəyi məbləği əks etdirir.
Bir hektar taxıl sahəsini sığortalamaq üçün fermer Bakıda 7 manat, Abşeron-Xızı bölgəsində 7 manat, Dağlıq Şirvan bölgəsində 11-12 manat, Quba-Xaçmaz bölgəsində 7 manat, Şəki-Zaqatalada 16-17 manat, Mərkəzi Aran rayonlarında 8 manat, Gəncə–Daşkəsən regionunda 24-25 manat, Qazax–Tovuz ərazisində 24-25 manat, Şərqi Zəngəzur regionunda 10 manat, Qarabağda 10 manat, Mil–Muğan regionunda 8 manat, Lənkəran–Astara regionunda 7 manat, Şirvan–Salyan zonasında 8 manat sığorta haqqı ödəyəcək.
Fermerlər və təsərrüfat sahibləri əkin sahələri üzrə sığorta haqqını Aqrar Sığorta Fondunun internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik sığortası üzrə kalkulyator” vasitəsilə özləri də sərbəst şəkildə hesablaya bilərlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya Qaydaları”na dəyişiklik edilib. Yeniliyə əsasən 7 bitki növü, o cümlədən buğda və arpa üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər.