CƏMİYYƏT
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu işə başlayıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, deputatların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə qeyd olunub ki, Forum iştirakçıları noyabrın 17-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar.
Sonra Azərbaycanda dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumunun iştirakçılarına müraciətini oxuyub.
İştirakçıları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Forum xalqımız üçün çox möhtəşəm hadisənin bayram edildiyi günlərə - Vətən müharibəsində qazanılan Zəfərin bir illiyi ilə eyni vaxta təsadüf edir.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid formatda təşkil olunan Foruma iştirakçıların bir qisminin onlayn şəkildə qoşulması nəzərdə tutulur.