Azərbaycanda saxta kriptovalyuta satan cinayətkar dəstənin üzvləri saxlanılıb VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvləri Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində ifşa olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə onun geniş yayılmasını təşkil ediblər.
Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə həmin şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyənləşdirilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonunda, Sumqayıt şəhərində və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkarlanaraq götürülüb.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri - Xəyal Yaxyayev və onun daxil olduğu mütəşəkkil dəstənin üzvləri əvvəllər də eyni əməllərlə, yəni sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq dələduzluqla məşğul olduqları üçün 2019-cu ildə Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb və onların barələrində həbs qətimkan tədbirləri seçilib.
Təqdim edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ölkə ərazisində “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.