Yasamalda bir evdən 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Yasamal rayonu ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni altı min manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıb. Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazaların birindən pul və tütün məmulatları oğurladığı müəyyənləşib.
Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Vüsal Rzayev və Orxan Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.