Torpaq uğrunda ölən varsa, Vətəndir - Zəngilanın Şəhidlər xiyabanı FOTO VİDEO
Zəngilan, 26 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Nə az, nə çox, düz 27 il işğalda qalan Zəngilan artıq bir ildən çoxdur ki, azad nəfəs alır. Atalarımız “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyiblər. Bu ifadənin doğruluğunu elə Zəngilana daxil olarkən də hiss edirsən...
AZƏRTAC-ın bölgə müxbiri rayon sakinləri Cavadlı qardaşları ilə birgə Zəngilandakı Şəhidlər xiyabanına baş çəkib, onların təəssüratlarını qələmə alıb.
Zəngilandan olan Cavadlı qardaşları 27 ildən sonra ilk dəfə idi ki, ata-baba yurdlarına qədəm basırdılar. Avtomobili idarə edən Mahir Cavadlı yolboyu Zəngilan barədə danışır, gördüyü yerlər barədə məlumat verir, xatirələrini bölüşür. Digər qardaş Salam Cavadlı isə Zəngilanın havasını sinəsinə çəkərək, “Budur Vətən” deyir. Səfər zamanı zəngilanlı qardaşların ilk üz tutduğu məkan isə şəhərin girişində salınan Şəhidlər xiyabanı oldu.
Hər yerdə gördüyümüz erməni vandalizmi buradan da yan keçməyib. Baş daşları sındırıb, qəbirlərin izlərini itirməyə çalışıblar. Salam Cavadlı deyir ki, burada birinci Qarabağ döyüşləri zamanı canlarını fəda edən qəhrəman oğullarımız uyuyur. “Zəngilanlılar son ana qədər mübarizə apardılar, amma qeyri-bərabər döyüşdə öz torpaqlarını tərk etməyə məcbur oldular. Lakin ötən illərdə zəngilanlılar geri dönəcəklərinə ümidlərini bir an belə itirmədilər. Nəhayət keçən il Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Artıq Zəngilan əsl sahiblərindədir. Bu torpaqlar çox qısa zamanda doğma sakinlərinə abad bir şəhər kimi yenidən qucaq açacaq”, - deyə Salam Cavadlı söyləyir.
Birinci Qarabağ döyüşləri zamanı silaha sarılaraq Vətənin keşiyində dayanan Mahir Cavadlı şəhid silahdaşlarının məzarını indi qürurla ziyarət etdiyini bildirir: “Vətən müharibəsində müzəffər Ordumuz düşməni 44 günə darmadağın etdi. Şanlı Qələbə Azərbaycan tarixinə ən parlaq səhifə kimi həkk oldu. İndi Zəngilan yenidən qurulur, öz qüdrətini bərpa edir. Çünki bu yerlər əsl sahiblərindədir. 27 il işğal altında qalan Zəngilanda bir daş belə daş üstə qoyulmamışdı. Amma indi onu öz sakinləri yenidən qurur”.
Cavadlı qardaşları Şəhidlər xiyabanında dualarını oxuduqdan sonra şəhərə tərəf yola çıxdılar. Tələsirdilər. Çünki onları orada gözləyən dağıdılmış ata yurdu, xatirələrinin yaşadığı məkanlar, vaxtilə addım-addım gəzdiyi yollar, cığırlar var...