Tankçı şəhid Paşa Mehdiyevin xatirəsi anılıb VİDEO
Füzuli, 27 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Paşa Mehdiyevin xatirəsi anılıb. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, məktəb və bağça kollektivi, qazilər, qəsəbə sakinləri iştirak ediblər.
Çıxış edənlər baş gizir Mehdiyev Paşa Ehtibar oğlunun Vətənə həsr etdiyi şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, Paşa Mehdiyev 1978-ci il noyabr ayının 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. Ömrünün yeniyetmə çağlarında ailəsi ilə bərabər doğma yurdundan köçkün düşüb. Vətən həsrəti ilə yaşayan Paşa hərbçi olmağı qarşısına məqsəd qoyub. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Hərb sirlərinə peşəkarcasına yiyələnən Paşa baş gizir rütbəsinə qədər yüksəlib və tankçı olub. Xidməti dövründə fəxri fərman və medallarla təltif edilib. Aprel döyüşləri ərəfəsində düşmənin qorxulu kabusuna çevrilən Paşa şücaəti ilə seçilib və "İgidliyə görə" medalı ilə təltif olunub. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlayan əks-hücumda ilk döyüşə atılanlardan biri də o olub. Paşa və onun tank heyəti Vətən müharibəsində düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Paşa Mehdiyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra "Azərbaycan bayrağı” ordeni və "Vətən uğurunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.