MƏDƏNİYYƏT
UNESCO: “Afrika Həftəsi”ndə xalq mahnımız “Sarı gəlin” səsləndirilib VİDEO
Paris, 27 noyabr, AZƏRTAC
UNESCO-da “Afrika Həftəsi”nin bağlanışı münasibətilə konsert təşkil olunub. Konsertdə Afrika qitəsi ölkələrinin, eləcə də “Afrika Həftəsi”nə sponsorluq etmiş ölkələrlə bərabər Azərbaycanın da milli musiqisi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun prioritet sahə kimi qəbul etdiyi Afrika ölkələrinə Azərbaycan böyük töhfələr verib. Bu ölkələrdə qızların və qadınların təhsilə əlçatanlığı layihələrində iştirak edib. Gənc qız və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə verib. Azərbaycan Afrika qitəsi ölkələrində təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak edib. Ölkəmiz UNESCO-da təşkil olunan “Afrika Həftəsi”nə də sponsorluq edib. UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə bu həftə çərçivəsində Afrika ölkələri ilə bərabər milli mətbəximiz və musiqimiz təqdim olunub.
“Afrika Həftəsi”nin bağlanışı münasibətilə təşkil olunmuş konsertdə Azərbaycan musiqisi də səsləndirilib. Fransada yaşayan azərbaycanlı Səddam Novruzbəyov tütəkdə xalq mahnısı “Sarı gəlini” ifa edərək onları valeh edib. İfa dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan musiqisinə valeh olduğunu deyən tədbirin aparıcısı təşkilatçılar adından zalda tamaşaçılar arasında olan ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevə “Afrika Həftəsi”nə verilən töhfələrə, Azərbaycan musiqisinə görə təşəkkür edib.
Konsert proqramı Afrikanın müxtəlif ölkələrinin rəngarəng musiqiləri ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris