CƏMİYYƏT
Zaqatalada vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Zaqatala rayonunda dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Şəki şəhər sakini, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş İradə Musayeva rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı İ.Musayevanın Zaqatalada altı şəxsin etibarından sui-istifadə edərək ümumilikdə onların doxsan min manat məbləğində pulunu mənimsədiyi məlum olub. Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək, pensiya təyin etdirmək və sosial ev tikdirmək vədləri ilə aldadıb. Həmçinin İ.Musayeva zərərçəkmişə özünü nazirliklərdən birinin əməkdaşı kimi təqdim edib və xarici ölkə universitetini bitirən tələbənin diplomunu təsdiq etdirəcəyi adı ilə aldadıb, onun 7500 manat məbləğində pulunu ələ keçirib. Təqsirləndirilən şəxs ifadəsində respublikanın digər şəhər və rayonlarında da oxşar cinayət əməlləri törədərək külli miqdarda pul mənimsədiyini etiraf edib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Xidməti Zəng Mərkəzinə, eləcə də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.