Xocavəndə işğaldan azad edilmiş əraziyə müvafiq icazəsi olmadan keçən 9 nəfər saxlanılıb VİDEO
Xocavənd, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
“Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, - deyə məlumatda bildirilib.