CƏMİYYƏT
Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman həmin şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb. Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkarlanıb. Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxslərlə bağlı Səbail Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.