Şəkidə cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir neçə dəqiqə sonra təkrar cinayət törədən şəxs saxlanılıb VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Şəki rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən qaçırılması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonunun Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərlinin həbs müddəti başa çatıb. H.Heydərli cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin nəqliyyat vasitəsinin təkəri partladığından o, avtomobili yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb. H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.