Ağdam: kəhrizlərin bərpasında müasir texnologiyadan istifadə olunur VİDEO

























Ağdam: kəhrizlərin bərpasında müasir texnologiyadan istifadə olunur
Ağdam, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonu ərazisindəki kəhrizlər bərpa edilir. Dördillik layihə üzrə ümumilikdə, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası nəzərdə tutulur.
Layihə mühəndisi Rəvan Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə 8 mindən çox ailənin içməli və suvarma su təchizatı yaxşılaşdırılacaq.
Rəvan Mehdiyev kəhrizlərin bərpasının müasir texnologiyalar vasitəsi ilə həyata keçirildiyini bildirib: “Beynəlxalq Miqrasiya Təşkilatı ilk dəfə olaraq kəhriz su sistemlərinin bərpasında yeni texnoloji metodologiya tətbiq edir. Yeni texnoloji metodologiya ilə kəhriz tunelləri və quyular avadanlıqlar vasitəsilə qazılır. Qazma işləri yekunlaşdıqdan sonra kəhriz quyularında bərkitmə işləri aparılır, dəmir-beton həlqələr quraşdırılır. Tunellərdə isə polietilen borular qoyulur. Bununla da kəhrizlərin ətraf mühitin təsiri amillərinə dayanıqlığı artırılacaq. Bir kəhrizin bərpası yeni texnoloji metodologiya ilə 2 ay vaxt aparır. Ənənəvi üsulla isə kəhrizin ölçüsündən asılı olaraq 1-1,5 kilometr uzunluqda kəhrizin bərpasına 2 il vaxt lazımdır. Yeni texnoloji metodologiya kəhriz su sisteminin iqtisadi səmərəliliyinin artırılmasına böyük dəstək göstərəcəkdir.
Layihə çərçivəsində artıq ikisi ənənəvi üsulla, biri isə yeni texnoloji metodologiya tətbiq edilməklə, 3 kəhriz bərpa olunub. Hazırda bərpası yekunlaşmaq üzrə olan 2 kəhrizdə də müasir texnologiyalar tətbiq edilir. Bundan əlavə olaraq 2 kəhrizdə ənənəvi bərpa işlərinə start verilib. Ümumilikdə 2018-2022-ci illəri əhatə edən layihə çərçivəsində Ağdam rayonu ərazisində 17 kəhrizin bərpası nəzərdə tutulub ki, onun da artıq bir neçəsi hazırdır.
Operator Firdovsi Kazımov üfüqi qazma texnologiyası barədə məlumat verərək bildirib ki, əvvəlcə quyular arasında horizontal qazma işləri aparılır. Sonra həmin tunellər genişləndirilir və quyular arasında borular çəkilir. Müasir avadanlıqlar vasitəsilə tunellərin qazılması həm asanlaşır, həm də daha qısa müddətdə həyata keçirilir.
Su probleminin aradan qaldırılmasında kəhrizlərin bərpası mühüm əhəmiyyət kəsb edir. Kəhrizlərin üstünlükləri ondan ibarətdir ki, heç bir elektrik enerjisi sərf edilmədən sakinlər öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur. Mirəşelli kənd sakini Elman Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, kəhrizlərin bərpa edilməsi nəticəsində əkin sahələrinin suvarılması asanlaşıb. Bundan başqa sakinlər inşa edilən bulaq vasitəsilə içməli su ilə təmin edilib.