Qubada evdən oğurluq edən şəxslər saxlanılıb VİDEO
Quba, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Bakı şəhər sakini Quba Rayon Polis Şöbəsinə müraciət edərək, Quba rayonunun Digah kəndindəki evinin qapısının sındırılaraq oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.
Həmin şəxslərin Digah kəndindəki yaşayış olmayan evdən televizor, notbuk, DVD pleyer, rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.
Faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.