Ulu öndər Heydər Əliyevin xatirəsi Türkiyənin Sivas şəhərində ehtiramla anılıb VİDEO








Ankara, 9 dekabr, AZƏRTAC
Türkiyənin Sivas Cümhuriyyət Universitetində (SCU) müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.
Anım mərasimi bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra ümummilli lider Heydər Əliyevin zəngin mənalı ömür yoluna aid film nümayiş olunub.
Rəsmi hissədə Sivas Cümhuriyyət Universitetinin prorektoru Hakan Yekbaş, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov çıxış ediblər.
Sonra Türk Dünyası Araşdırmalarının Tətbiq və Tədqiqi Mərkəzinin rəhbəri, Sivas Cümhuriyyət Universitetinin əməkdaşı Kənan Çarboğanın “Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolu”, SCU-nun tələbəsi Soltan İbişovun isə “Heydər Əliyevin gənclərə diqqət və qayğısı” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi, xilaskarlıq missiyası, Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı naminə gördüyü işlər, böyük dövlət xadiminin məqsədyönlü gənclər siyasəti və digər məqamlara toxunulub.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Sivas Cümhuriyyət Universiteti tərəfindən birgə təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara