Narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Azər Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərindən və yaşadığı evdən ümumilikdə 12 kiloqram narkotik vasitə, o cümlədən 10 kiloqram heroin, 2 kiloqram metamfetamin və elektron tərəzi aşkar edilib.
Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ricad Babayev və tanışı Samir Təhməzov saxlanılıblar. Onların üzərindən və istifadə etdikləri avtomobildən nar kisələrində qablaşdırılan 9 kiloqram heroin və metamfetamin, 580 ədəd metadon, eləcə də preqabalin həbi götürülüb.
Daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 10 kiloqram heroin, metamfetamin, marixuana, tiryək və elektron tərəzi aşkarlanıb.
Növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Röyal İsgəndərov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqram heroin, tiryək, metamfetamin aşkar edilərək götürülüb.
Adları sadalanan beş nəfərin hər birinin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri qəbul edərək satmaq məqsədilə paytaxt ərazisinə gətirdikləri müəyyənləşdirilib.
Baş İdarə əməkdaşlarının Bakı şəhəri və Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Onlardan 5 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar olunub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub və qərb bölgələrində regional şöbələrinin əməkdaşlarının Gəncə şəhəri, Yevlax, Cəlilabad və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb. Onlardan müxtəlif növ 2 kiloqram narkotik maddə, elektron tərəzilər və satış zamanı istifadə etdikləri bank kartları aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 7 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 22 nəfər saxlanılıb. Ümumilikdə 40 kiloqram narkotik maddə və psixotrop tərkibli 1258 həb qanunsuz dövriyyədən çıxarılıb.