Xaçmazda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub VİDEO
Xaçmaz, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Vətən müharibəsi şəhidləri Kərəm Veyisov və Elşən Ağasıyevin ailələri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri ilə görüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, qəhrəman oğullarımızın torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdikləri şücaətdən danışılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulduğunu qeyd edib.
Xaçmazlı kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçib. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.
K.Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə“ və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan Elşən Ağasıyev düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb. Döyüş yoldaşlarının bildirdiyinə görə, Elşən savaşın ilk günlərində yaralansa da, ön cəbhəni tərk etməyərək döyüşməyə davam edib.
Əsgər Elşən Ağasıyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Hər iki şəhidin xatirəsi Xaçmaz şəhərində əbədiləşdirilib. İndi şəhərdə Vətən müharibəsi şəhidi Kərəm Veyisov və Elşən Ağasıyevin adını daşıyan küçələr var.
Görüşlərdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.