Ağstafada arx və kanallar lildən təmizlənir VİDEO
Ağstafa, 10 dekabr, AZƏRTAC
Ağstafa Suvarma Sistemləri İdarəsi rayonun 19507 hektar əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Bu sahələrin suvarılması zamanı su itkisinin qarşısını almaq məqsədilə torpaq kanalların beton üzlüklə əvəz olunması işləri hər il davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Poylu, Dağkəsəmən və Xətai kəndlərinin 1100 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edən 14,5 kilometr uzunluğunda Poylu arxının beton üzlüyə alınması üçün layihə-smeta sənədləri hazırlanıb və bu il 1,2 kilometr hissəsində arxın beton üzlüyə alınması işlərinə başlanılıb. Artıq yaxın günlərdə həmin hissədə işlər tam yekunlaşacaq.
Ümumilikdə Ağstafa Suvarma Sistemləri İdarəsinin balansında 825 kilometr uzunluğunda Suvarma kanalları var. Bunun 37 kilometri magistral kanalıdır. Kanal və arxların 167 kilometr beton kanallar, 8,4 kilometr qapalı boru şəbəkəsi və 650 kilometr torpaq məcralı kanallardır.
Arx və kanallarda mexanizmlərlə 460 kilometr hissədə 343 min kubmetr, əl ilə isə 2,14 min kubmetr lildən təmizləmə işləri aparılıb. 53730 kvadratmetr hissə isə kol-kosdan təmizlənib. Həmçinin bu il 32 ədəd hidrotexniki qurğu, 7 ədəd hidrometrik post, 2 ədəd nasos stansiyası və 4 kilometr uzunluqda beton kanallar cari təmir olunub. İdarənin balansında olan 3 ədəd nasos stansiyasının ikisində cari təmir işləri aparılıb, Qıraq Kəsəmən nasos stansiyasında isə əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb.
Qeyd edirik ki, rayonun dörd suvarma mənbəyi var. Suvarma əsasən Ağstafaçay su anbarı, Ağ Göl su mənbəyi, Həsənsu çayı və subartezian quyuları vasitəsilə həyata keçirilir. Göstərilən mənbələrdən Həsənsu çayına mənfur qonşularımız tərəfindən su buraxılmaması səbəbindən suvarmada çətinlik yaşanır. Bu səbəbdən rayon ərazisində son illər yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Hazırda rayon ərazisində 4300 hektara yaxın əkin sahəsinin suvarılması üçün 266 ədəd subartezian quyusu vasitəsilə suvarma aparılır.
Prezident İlham Əliyevin sərəncamına əsasən Aşağı Göycəli kəndində 1, Göycəli kəndində 2, Köhnəqışlaq kəndində 1 və Tatlı kəndində 2 subartezian quyusu qazılaraq istifadəyə veriləcək. Həmin subartezianların qazılması nəticəsində 100 hektara yaxın ərazinin suvarılması yaxşılaşacaq.
Hazırda rayon ərazisində 6800 hektar dənli bitkinin suvarılması üçün suvarma növbə əsasında mütəşəkkil həyata keçirilir. Həsənsu çayından başqa, digər mənbələrdə tələbata uyğun suvarma suyu var. Həsənsu çayı altında olan dənli bitkilərin suvarılması üçün 2020-ci ildə istifadəyə verilən 1 aqreqatlı məhsuldarlığı 200 l/san olan Köçəskər nasos stansiyasından Sağ Sahil Magistral Kanalından suvarma suyu qaldırılmaqla suvarma aparılır.