FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonunda növbəti qanun pozuntusunun qarşısını alıb VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb, nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşib. Belə ki, obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub. Həmçinin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğının təhlükəli vəziyyətdə istismarına yol verilib, tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib. Eləcə də ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib, təsərrüfat otağında oksigen balonlarının, anbar otağında propan qaz balonunun saxlanılmasına, anbarda mövcud olan malların isə yanğın təhlükəliliyi göstəricilərinə uyğun olmadan yığılmasına yol verilib. Habelə ərazidə müvafiq yerlərdə yanğına qarşı xəbərdaredici və qadağanedici nişanların quraşdırılması təmin edilməyib, müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib. Bundan başqa daşınmaz əmlakın icbari sığorta olunması təmin edilməyib.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək kiçik yanğının qısa müddətdə genişlənərək, acı nəticələrə səbəb ola biləcəyini deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkarlanmış sahələrdə işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim olunub.