Paytaxtda qadın sərnişinlərə əxlaqsız təkliflər edən beş taksi sürücüsü saxlanılıb VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil olunub və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.
Müəyyənləşdirilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir. Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən beş taksi sürücüsü - paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar. Həmin taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkarlandığından onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs olunublar. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkarlanması və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.