İctimai nəqliyyatda cibgirliklə məşğul olan üç nəfər tutularaq cinayət məsuliyyətinə cəlb edilib VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində oğurluqlarda şübhəli bilinən daha üç nəfər - Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub. Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.
Baş İdarənin əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərov və Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Saxlanılan hər üç şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsilə lentə alınıb.
Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.