Qanun pozuntusu törətmiş kiçikhəcmli gəmi istifadəçiləri inzibati məsuliyyətə cəlb olunub VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyənləşdirilməsi məqsədilə reyd keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhərinin Corat, H.Z.Tağıyev, Abşeron rayonunun Novxanı və Xızı rayonunun Şuraabad yaşayış məntəqələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı doqquz asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.
Yoxlamanın nəticəsi kimi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan dörd gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, kiçikhəcmli gəmi istifadəçilərinə bu tipli su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələrinin alınmasının zəruriliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.