Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək sürdüyünü etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, polis əməkdaşlarının ötən gün keçirdikləri oxşar tədbirlər zamanı qeyd edilən qanun pozuntusuna yol verən səkkiz belə sürücü aşkarlanıb. Onların əməlinə də qanunla nəzərdə tutulan qaydada hüquqi qiymət verilib. Polis əməkdaşları bu istiqamətdə tədbirləri davam etdirirlər.