Abşeron rayonunda “E-manat” ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində marketlərdən birində quraşdırılan “E-manat” ödəmə terminalının naməlum şəxs tərəfindən sındırılması, içərisindəki 1011, obyektin kassasından isə 306 manat məbləğində pulun tərəfindən oğurlanması barədə Qobu polis bölməsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov həyata keçirilən əməliyyat nəticəsində qısa vaxtda saxlanılıb. O, törətdiyi hadisəni ifadəsində etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsilə görüntülənib.
Həmin şəxsin əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanıldığı və məhkum olunduğu müəyyənləşdirilib.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib. Röyal Məmmədyarovun paytaxtda və Abşeron rayonunda analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu polis bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.