Azərbaycanda ağ neftlə işləyən ilk çıraq Salyandadır VİDEO
Salyan, 16 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Salyan şəhərindəki məscidlərin birində yaşı 150 ildən çox olan nadir çıraq saxlanılır. Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi istifadə edilib.
AZƏRTAC xəbər verir ki, Salyan şəhərinin mərkəzində, Mirəşrəf Ağa məscidində saxlanılan qədim çıraq bu gün də onu görənlərin marağına səbəb olur. Tarixçilər bildirirlər ki, Azərbaycanda yalnız iki belə çıraq olub.
Artıq 113 ildir ki, çıraq salyanlılar tərəfindən dəyərli xatirə kimi qorunur. Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, çırağın asıldığı məscidin inşası XX əsrin əvvəllərinə, təxminən 1908-ci ilə təsadüf edir: “Çırağın özünün yaşı isə daha qədimdir, 150 ildən çoxdur. Bu çıraqdan 1941-1945-ci illər müharibəsi başlanana qədər, yəni Salyanda elektrikləşmə həyata keçirilənədək məscid tərəfindən istifadə olunub. Çırağın istifadəsi və unikallığı ondan ibarətdir ki, çıraq həm məscidi işıqlandırır, həm də istilik verir”.
Məscidin tikintisi salyanlı xeyriyyəçi Hacı Tağı bəy tərəfindən həyata keçirilib. İstifadəyə verildikdən sonra həmin çıraq məscidə bağışlanıb. Qış fəslində çırağı tros vasitəsilə aşağı çəkməklə ona ağ neft əlavə edilirmiş. Onu neftlə doldurmaq üçün xüsusi mexanizm də olub. Çırağın uzunluğu 1 metr, ağırlığı 70 kiloqramdır. Təxminən 20 litrə yaxın neft tutumuna malikdir.
Təəssüf ki, son dövrlərdə qədim çırağa biganə münasibət onun şüşəsinin qırılmasına və hissələrinin sıradan çıxmasına səbəb olub. Bu barədə danışan Sahib Həsənov deyib: “Bu qədim və unikal çıraq həqiqətən muzey eksponatı hesab oluna bilər və bunu muzeydə qoruyub saxlamaq lazımdır. Çünki hazırda məsciddə bundan istifadə edilmir. Ona görə muzeydə saxlanılsa, indiki və gələcək nəsillər ona baxıb ilk dəfə ağ neftlə istifadə olunan çırağı əyani şəkildə görə bilərlər”.