Xaçmazda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları təltif edilib VİDEO
Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin yerli qurumlarının əməkdaşları təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, FHN-in yerli qurumlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir. Qurumun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edən E.Rzayev onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
FHN-in Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev bildirib ki, ötən dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazası daim gücləndirilib, kadr potensialı möhkəmləndirilib.
Çıxış edən digər natiqlər də mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə işinin təşkilindən razılıqlarını ifadə ediblər.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.