Göyçayda avtoxuliqanlıq edən və bu barədə videogörüntüləri sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və hərəkətin digər iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Çayarxı kənd sakini Rəvan Şamilov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, avtoxuliqanlıq hərəkətlərinin videogörüntülərini tiktok sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Şamilov 15 sutka inzibati qaydada həbs edilib.