Suraxanı rayonunda icarəyə götürdüyü avtomobili heroinin təsiri altında idarə edən sürücü saxlanılıb VİDEO




Bakı, 18 dekabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KIA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü heroin qəbulundan sonra avtomobili idarə etdiyini bildirib. Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu ekspertiza nəticəsində sübuta yetirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Araşdırma zamanı sürücünün avtomobili icarəyə götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bu istiqamətdə polis əməkdaşları tərəfindən ölkəboyu tədbirlər davam etdirilir.