Vətəndaşlara hədə-qorxu gələrək onlara narkotik vasitə və psixotrop maddə satdıran şəxs saxlanılıb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan, Binə, Qala və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalar zamanı Nemət Behbudovun Xəzər rayonunda narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq digərlərini bu işə cəlb etdiyi müəyyən olunub. Məlum olub ki, Nemət Behbudov satmaq üçün narkotik vasitələri sosial şəbəkələr vasitələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib. Onun şəbəkənin üzvlərinə narkotik vasitələr satdırmaq üçün daim onlara hədə-qorxu gəldiyi və təzyiq altında saxladığı məlum olub. N.Behbudovun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri fasiləsiz həyata keçirilir.