Avtomobildən külli miqdarda narkotik vasitə və mənşəyi məlum olmayan 360 kiloqram ət aşkarlanıb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Bərdə rayon sakini Bəxtiyar Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkarlanıb.
Həmin şəxslə birlikdə saxlanılan həmyerlisi Ramin Nəbiyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə mənşəyi bilinməyən və tibbi sənədləri olmayan 360 kiloqram ət aşkarlanıb. R.Nəbiyev ifadəsində ətin Anar Kərimov adlı tanışına məxsus olduğunu bildirib.
B.Məmmədovdan aşkarlanan narkotik maddələrlə bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Aşkarlanan ətin mənşəyinin və insan orqanizminə zərərli olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.