Füzulidə Vətən müharibəsi şəhidi İlham Abbasovun adı sinfə verilib VİDEO
Füzuli, 12 yanvar Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayon “Qayıdış” 3 saylı tam orta məktəbdə sinfə şəhid Abbasov İlham Əli oğlunun adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin, Etika Akademiyasının Qarabağ nümayəndəliyinin əməkdaşları, şəhidin dostları, məktəb kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından danışıblar. Bildirilib ki, 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücumla Vətən torpaqlarını azadlığa qovuşdurdu. Haqq savaşında Vətən uğrunda canını sipər edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlar həm də gələcək nəsillər üçün örnək oldular. Qeyd edilib ki, həmin şəhidlər sırasında İlham Abbasovun da adı var.
Əslən Füzulinin Dilağarda kəndindən olan İlham Abbasov 2000-ci il martın 13-də Biləsuvar 2 saylı çadır şəhərciyində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan İlham gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq qulluqçu olaraq Vətənin keşiyində dayanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbhənin yarılmasında şücaəti ilə seçilən İlham Füzuli döyüşləri zamanı şəhid olub.
İlham Abbasov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.