Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Suraxanı rayonunun Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs evə gedən zaman ona yaxınlaşan naməlum qadın zor tətbiq edərək içərisində 200 manat məbləğində pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs - Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxararkən gördüyünü və onu izləyərək quldurluq etdiyini bildirib.
Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir mənzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.