Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb VİDEO
Gəncə, 15 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyevin idarə etdiyi “VAZ” markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etdiyi, bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu müəyyən edilib.
Bundan başqa, araşdırmalar zamanı həmin sürücünün hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “Niva” markalı avtomobil ilə şəhər ərazisində yarış təşkil etməsi və beləliklə, şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, inzibati qaydada 15 sutka həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir.
Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədən və hadisə yerindən yayınan sürücü saxlanılıb. Şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, inzibati qaydada 15 sutka həbs edilib.