Adı kimi dadı olan konfet ağacı FOTO VİDEO
Göyçay, 17 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Digər meyvələrdən fərqli olaraq konfet ağacının meyvələri dərilməklə yığılmır. Məhsulun yığımı üçün qış aylarında havanın bir qədər şaxtalı olması vacibdir. Bu zaman meyvələr ağacın ətrafına tökülür və yerdə olan məhsullar bir-bir toplanır. Göyçayda 3 belə ağac var, yaşları isə 80-dən çoxdur.
AZƏRTAC xəbər verir ki, konfet ağacının toxumları 1936-cı ildə Çindən Azərbaycana gətirilib. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində əkilib. Şaxtaya davamlı olmayan konfet ağacı əkildikdən 5 il sonra ilk, 15 il sonra isə tam məhsul verməyə başlayır.
İnstitutun Göyçay dayaq məntəqəsinin elmi işçisi Firdovsi Əliyevin sözlərinə görə, 1936-cı ildə ölkəyə gətirilən bu ağaclardan Mərdəkan, Zaqatala və Lənkəranda, eləcə də Göyçayda əkilib. İki il sonra ölkə ərazisində qeydə alınan güclü şaxta digər konfet ağaclarının quruması ilə nəticələnsə də, Göyçayda olan ağaclar bu təbiət hadisəsindən sağ çıxıb.
Firdovsi Əliyev deyir ki, vətəni Cənub Şərqi Asiya olan konfet ağacları daha çox Yaponiya, Çin, Hindistan və Almanıyada yetişir. 20-30 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri qeyri-adi dadına və formasına görə heç bir meyvəyə oxşamır. Çiçəyi nektarla zəngin olan, qəribə görkəminə görə seçilən meyvə maral buynuzuna bənzəyir.
Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində də istifadə edilir. Meyvənin tərkibində 30-35 faiz şəkərin olması ona dünyada ən şirin bitki adını qazandırıb.
Meyvəni çayla, qəhvə ilə yemək olar, eyni zamanda, qurudularaq müxtəlif tort və şirniyyatların üzərinə bəzək kimi də vurulur.