CƏMİYYƏT


Baş Prokurorluq vətəndaşların sosial şəbəkə hesablarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı videoçarx hazırlayıb VİDEO

Son dövrlərdə sifariş əsasında istənilən şəxsin sosial şəbəkə hesabının parolunu sındıran hakerlərin sayı artıb

Bakı, 26 yanvar, AZƏRTAC

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması ənənəsi davam etdirilir.

Bu həştəq altında təqdim olunan növbəti videoçarxda vətəndaşların sosial şəbəkələrdəki hesablarının şifrələrinin hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlı maarifləndirici məlumat verilib. Videoçarxda bildirilib ki, müasir dövrdə, demək olar, hər kəs sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Bununla yanaşı, sosial şəbəkələr insanların fiziki və informasiya təhlükəsizliyinə təhdid formalaşdıra bilər. İş, sosial həyat, bəzən də sadəcə, maraq üçün daxil olduğumuz sosial şəbəkələrdəki hesablarımız təhlükə altındadır. Son dövrlərdə sifariş əsasında istənilən şəxsin sosial şəbəkə hesabının parolunu sındıran hakerlərin sayı artıb. Hətta bəzi internet səhifələrində bununla bağlı reklamlara da rast gəlinir. Bundan əlavə, həmin hakerlər tərəfindən şəxsi həyata müdaxilə edən bəzi xidmətlər də təklif olunur ki, bununla da qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harada olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışmasını izləməyin yolları öyrədilir. Həmin şəxslər sosial şəbəkələrdəki hesabların parolunu sındırmaq üçün müştərilərə müxtəlif qiymətlər təklif edirlər.

“Bildiririk ki, başqasının şəxsi internet hesabının sındırılması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır. Sosial şəbəkə hesablarınızın ələ keçirilməməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin müəyyən etdiyi qaydalara riayət etməyiniz tövsiyə olunur. Odur ki, sosial şəbəkə hesablarınız başqa şəxslər tərəfindən ələ keçirildikdə və bununla bağlı hər hansı təhdidlə üzləşdikdə hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur”, - deyə Baş Prokurorluğun videomüraciətində bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.