CƏMİYYƏT
Ata övladının ilk ad günündə yox idi... VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Dövlət Himni səslənir. Məclis iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Anar Nağıyevin şəkilləri ilə bəzədilmiş salona daxil olan Gülnar xanımı qızı Anara ilə birlikdə alqışlayırlar. Hamı ayaq üstə qalxır. Sonra bir dəqiqəlik sükutla mərhum döyüşçünün və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşanların xatirəsi yad edilir.
AZƏRTAC xəbər verir ki, bu mənzərə Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Anar Nağıyevin qızı Anaranın 1 yaşı tamam olması münasibətilə təşkil edilən mərasimdə yaşanıb.
Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələrinin nümayəndələri, doğmalar, qohumlar, tanışlar iştirak edirdi.
Təkcə Anar yox idi...
Ata öz övladının ilk ad günündə iştirak etmirdi...
... Anarın Vətən müharibəsindəki döyüş yolu Murovdağ yüksəkliyindən başlamışdı. O, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Xocavənd, Şuşa ərazisində gedən hərbi əməliyyatlarda iştirak etmişdi. Oktyabrın 16-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində qolundan və ayağından qəlpə yarası alsa da, müalicədən sonra təkidlə geri qayıtmışdı. Oktyabrın 27-də yenidən döyüş meydanında idi. Noyabrın 6-da Şuşada üzbəüz döyüşlər zamanı güllə yarası alıb. İki gün sonra dünyaya əbədi olaraq göz yummuşdu.
Şuşa düşmən işğalından azad olunan gün....
Azərbaycan bayrağı Şuşada dalğalanan gün...
Məclisə toplaşanlar onun keçdiyi şərəfli döyüş yolunu xatırlayıblar. Anaranın babası Vüqar, nənəsi Rəsmiyə, yaxın qohumları Sima Nəzərova və başqaları gizirin gənclər üçün örnək olan həyatından epizodlar xatırlayıblar.
Anarın həyat yoldaşı Gülnar xatırlayır: “Müharibə başlayanda ailə qurmağımızdan cəmi altı ay keçmişdi. Son görüşümüz cəbhəyə yola düşdüyü gün oldu. Lakin o, həqiqəti bildirmədi. “Təlimə gedirəm, beş-on günə qayıdacağam”, - dedi. Sonradan müharibədə iştirak etdiyini öyrənəndə çox narahat oldum. O, yenə də təmkinini pozmadan dedi: “Bu, mənim vəzifə borcumdur. Torpaqlarımızı azğın düşməndən təmizləməliyik. Hər zaman hər şeyə hazır ol. Şəhidlik hər kəsə nəsib olmur”,- deyərək söylədi.
Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Anarın qısa, lakin şərəfli ömür yolu hamını göynədirdi. Məclis iştirakçılarının hamısının gözündə yaş gilələnmişdi.
Mərasimin keçirildiyi salonda şəhid gizirin şəkli ilə yanaşı, bu il yanvarın 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcər rayonu istiqamətində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ayaz Nəzərovun şəkilləri də yer almışdı. Ayaz Gülnarın əmisi oğlu idi. Ayazın da arzusu Anaranın ad günündə iştirak etmək idi. Lakin 14 gün əvvəl qəfil açılan namərd gülləsi onun bu arzusunu ürəyində qoydu. Onun Anaraya aldığı hədiyyəni isə şəhidin valideynləri təqdim etdilər.
Bir-birinin ardınca torpağa qovuşan iki Vətən müdafiəçisi, iki igid, iki şəhid...
“Oktyabrın 30-u Anarın ad günü idi. Həmin gün danışa bilmədik. Səhəri günü zəng edib doğum gününü təbrik etdim. Dedim ki, bu il qismət olmadı, gələn il doğum gününü bir yerdə qeyd edərik. “Hər şey qismətdən asılıdır. Özündən də, qızımızdan da muğayat ol. Qızımızı sənə, səni də Allaha tapşırıram. Adını Anara qoyarsan, qoy atasının adını yaşatsın. Hər şeyə hazır olmaq lazımdır”, - dedi. Bu, Anarla son danışığım oldu...”, - deyə Gülnar Anarla son danışığını xatırlayır.
Gizir Anar Nağıyev noyabrın 17-də Qazax rayonunun Urkməzli kəndində torpağa tapşırılıb. Anarın şəhadətindən iki ay yarım sonra qızı Anara dünyaya gəlib. Üzünü görməsə də, adını atası qoyub...
Anaranın bir yaşını təbrik eləmək üçün məclisə gələnlər onun döyüşçü atasını xatırlayır, şəhidin balasının layiqli övlad kimi böyüməsini arzulayırlar. Anara isə bütün bunlardan xəbərsiz - onun üçün təşkil olunan maraqlı oyunlarla əylənir, şənlənirdi. Üzündə də təbəssüm...
Qoy bu təbəssüm heç vaxt onun üzündən əskik olmasın!
Onda yəqin ki, Anarın da, Ayazın da ruhu şad olar...