REGİONLAR
Masallıda 90 mindən çox sakinə “buster” doza vurulub VİDEO
Masallı, 28 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Ötən ilin sentyabrından Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə prosesinə başlanılıb. Hazırda ölkədə 2 milyon nəfərə yaxın vətəndaşa qüvvətləndirici doza peyvənd vurulub. Respublikamızın bütün bölgələrində olduğu kimi, Masallıda da təkcə risk qrupu və yaşlı insanlar deyil, gənclər də “buster” dozanın qəbuluna böyük maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. 230 minə yaxın əhalisi olan Masallı rayonunda da sakinlər könüllü olaraq üçüncü doza peyvənd vurdurmaq üçün xəstəxanaya gəlirlər. Onlardan biri də İbişalı Novruzovdur. “Mənim 81 yaşım var. Üçüncü doza peyvəndi vurdurmağa gəlmişəm. Heç bir qorxum yoxdur. Özümü çox gümrah hesab edirəm. Canımızın qədrini bilək, sağlamlığımızı, həmçinin ətrafdakıları qoruyaq”, - deyə o bildirib.
Altmış iki yaşlı Şakir Əsədov isə artıq “buster” doza peyvəndi qəbul edib. Deyir, hər kəs vaksin olunmalıdır ki, pandemiya bitsin, əvvəlki həyatımıza qayıdaq.
Vətən müharibəsi iştirakçısı İsmayıl Məmmədovun isə 23 yaşı var. Müharibə iştirakçısıdır. “Masallı rayonunun Xırmandalı kəndində yaşayıram. İkinci vaksini vurdurmuşdum, indi də gəlmişəm üçüncü dozanı qəbul edim. Gənclərimizə tövsiyə edirəm gəlib “buster” dozanı vurdursunlar”, - deyə o bildirib.
Masallı rayonunda vaksinasiya prosesinə 2021-ci il yanvar ayının 20-dən başlanılıb. Vaksinasiya zamanı əsasən “CoronaVac” və “SinoVac” peyvəndlərindən istifadə olunub. Bu günədək sakinlərə 260 minə yaxın doza vurulub. Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Araz Məmmədov deyir ki, sakinlər artıq gücləndirici doza üçün “Pfizer” vaksinini də seçə bilərlər: “Bu ilin yanvar ayından Masallıda “Pfizer” vaksinin vurulmasına başlanılıb. Hazırda 180 insan “Pfizer” ilə vaksin olunub. “Buster” doza qəbul edənlərimizin sayı isə 90 mindən çoxdur”.