“Dədə-baba sortlarından olan meyvə tinglərinə tələbat daha çoxdur” – təcrübəli bağban REPORTAJ VİDEO
Lənkəran, 31 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Limon, narıngi, portağal, kinkan, kivi, feyxoa, armud, gilas... Saymaqla bitməyən bu tingləri Lənkəranın Sütəmurdov kənd sakini Şıxəli Kazımov yetişdirir. 75 illik ömrünün 50 ildən çoxunu bu işə həsr edən təcrübəli bağban indi də yorulmadan çalışır.
AZƏRTAC xəbər verir ki, qış fəsli olsa da, Şıxəli dayının bağçasında həmişə iş var. Palçığı ələyir, sonra da sitrus tinglərini polietilen qablara əkir. Deyir ki, tinglər polietilen qablarda daha tez inkişaf edir və yaxşı satılır: “Bu, bir ilin tingidir, növbəti il meyvə verəcək. Bu isə kinkandır. Sitruslardan ən tez meyvə verən budur. Əvvəllər bir az ucuz idi, indi isə bahalaşıb. Həyətdən 4 manata alırlar. Kiçikləri isə 2 manatdır”.
Şıxəli dayı sitrus bitkilərinin calağında calaqaltı kimi cır limondan istifadə edir. Onun sözlərinə görə, belə olanda calaq daha yaxşı tutur. “İyul-avqust aylarında calaq edirik. Bax bu, ting calaqaltısıdır. Bütün sitrus bitkiləri üçün yararlıdır. Yazda kəsirik, pöhrə verir. Payızda artıq əkinəyararlı olur. Kəsəndə də fikir veririk ki, tutub, yoxsa yox. Tutmayıbsa, qalır növbəti ilə”, - deyə o bildirir.
“İstəmirəm ki, bağıma gələn əliboş qayıtsın”, - deyir Şıxəli dayı. O, sitrus bitkiləri ilə yanaşı, subtropik meyvələrin də şitillərini yetişdirir. Tinglikdə dədə-baba sortlarından olan digər yerli meyvə ağacları da var. Bu tinglər sağlam olduğundan tələbat da çoxdur.
Təcrübəli bağban deyir ki, sitrusdan başqa, yerli meyvələrdən armud, alma, gavalı və şaftalının tinglərini də calaq edir: “Ehtiyacı olan gəlir, kömək edirəm. Bax, bu armud tingləri dözümlü və uzunömürlüdür. Armud armuda calanır. Burada 30 növ meyvə ağacı var. Hər sortdan 100-150 ting. 20 sort olmaqla, 300-500 ting özüm əkmişəm. Alıcılıq da pis deyil. Yaz və payız fəslində alıcılar daha çox gəlir”.
Bir sözlə, Şıxəli dayı işini yaxşı bilir. Bu gün nəyə tələbat varsa, onu yetişdirməyə üstünlük verir. Bu, onun üçün həm mənəvi zövq, həm də qazanc mənbəyidir.