Nəsimi, Yasamal və Nizami rayonlarında keçirilən əməliyyatlar nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilib VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində paytaxt sakinləri Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseynov tutulublar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkarlanıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları da narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan Kənan Dadaşov və Həsən Həsənov saxlanılıblar. Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin götürülüb.
Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamil Nəzərov yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.
Bu əməliyyatlar nəticəsində saxlanılan yeddi nəfərin qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını təşkil etməyə çalışdıqları müəyyənləşdirilib. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Narkotik vasitələrin Nəsimi, Yasamal və Nizami rayonları ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.