Şuşa və Ağdam istiqamətlərində hərəkət edən sərnişin avtobusları üzrə təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir FOTO VİDEO
Ağdam, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Yanvarın 24-dən etibarən istifadəyə verilən Bakı-Şuşa-Bakı, Bakı-Ağdam-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bərdə-Ağdam-Bərdə istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinin açılması ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə təhlükəsizlik tədbirləri yerinə yetirilir. İlk olaraq postlarda prosedur qaydalarına uyğun olaraq yoxlamalar aparılır. Vətəndaşlara tanımadıqları, bələd olmadıqları əşyalara toxunmamaları barədə təlimatlar verilir. Sərnişin avtobusları polis əməkdaşları tərəfindən müşayiət olunur. Eyni zamanda, ziyarət olunan ərazilərdə, tarixi abidələrin yaxınlığında polis əməkdaşları tərəfindən piyada naryadları da təşkil edilir.
Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət olunması və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.
Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları verilib.