Kərkənc sakini: “Biz onlar kimi barbar deyilik” - Şamaxıda qorunan erməni qəbirləri FOTO VİDEO
Şamaxı, 1 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
İşğaldan azad edilən elə yurd yerimiz yoxdur ki, orada erməni vəhşiliyinin izləri olmasın. Azərbaycanlıların evlərinin dağıdılması, tarixi abidələrin və məscidlərin yandırılması, qəbiristanlıqların yer üzündən silinməsi... Budur erməni barbarlığı, vandalizmi. Amma vaxtilə Azərbaycanda məskunlaşan ermənilərin qəbiristanlıqları bu gün də sağ-salamatdır, qorunur. Belə qəbiristanlıqlardan biri də Şamaxının Kərkənc kəndində yerləşir. Yerli sakinlər ermənilərə məxsus qəbirləri dağıtmayıb, əksinə bu günə qədər qoruyublar.
AZƏRTAC-ın əməkdaşı həmin kənddə erməni qəbiristanlığında olub, sakinlərlə söhbət edib.
Kərkənc kəndinin girişində bir-birindən çox da aralı olmayan iki böyük qəbiristanlıq var. Bunlardan biri azərbaycanlıların, digəri ermənilərin qəbiristanlığıdır. Erməni qəbirlərinin üzərindəki xaçlar, eləcə də öz dillərində yazılan sözlər indiyədək olduğu kimi qalmaqdadır.
Kənd sakini 81 yaşlı Vəli Balakişiyev deyir ki, ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra qəbirlərimizi dağıdıb, dini abidələrimizi təhqir etsələr də, biz millət olaraq mədəniyyətimizi, humanistliyimizi göstərmişik. “Ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətdilər, ötən əsrin sonlarında isə torpaqlarımızın 20 faizini işğal etdilər. Qoca, uşaq, qadın demədən azərbaycanlılara divan tutdular. Bununla ürəkləri soyumayan ermənilər işğal etdikləri ərazilərimizdə bizə məxsus olan müqəddəs məkanları - məscidləri, qəbiristanlıqları yerlə-yeksan etdilər. Hətta qəbirlərin içərisindəki insan sümüklərini çıxararaq azərbaycanlıların izlərini itirməyə çalışdılar. Ancaq biz onların qəbirlərini bax burada, Kərkəncdə qoruduq, dağılmasına yol vermədik. Çünki biz onlar kimi barbar deyilik”, - deyə ağsaqqal bildirir.
Kərkənc sakini Söylü Vəliyeva isə vurğulayır ki, ziyarətgahlar, ibadət yerləri, məzarlıqlar hər bir xalqın dini-mənəvi dəyəridir. Dinindən, etiqadından asılı olmayaraq, bu cür dəyərlərə hörmətlə yanaşmaq hər bir insanın mənəvi borcudur: “Baxmayaraq ki, onlar Azərbaycanda vandallıqla məşğul oldular, abidələrimizi, tarixi abidələrimizi, məscidlərimizi dağıtdılar. Buna baxmayaraq, biz onların nə qəbirlərinə, nə də başdaşlarına toxunmamışıq”.
Tarix müəllimi Cavid İslamovun sözlərinə görə, ermənilər Azərbaycanın digər yerlərində olduğu kimi, bu kəndə də məqsədyönlü şəkildə köçürülmüşdülər. “Tarixdən məlumdur ki, müxtəlif imperiyalar, böyük dövlətlər öz məqsədlərinə nail olmaq üçün ermənilərdən alət kimi istifadə ediblər. Elə indi də elədir. Ötən əsrdə ermənilərin bu kənddə yerləşdirilməsi bunun sübutudur. Sonrakı dövrdə onlar buradan köçüb getsələr də, ermənilərə məxsus qəbirlər, qəbiristanlıqlar, başdaşları bu gün də qalmaqdadır”, - deyə o əlavə edir.
Özlərini dünyaya sivil xalq kimi təqdim edən ermənilər vaxtilə işğal etdikləri yurd yerlərimizdə qəbirlərimizi qazaraq ölülərin qızıl dişlərini çıxarıb, qəbirüstü daşları sındıraraq qonşu ölkələrə satıb, məscidlərimizi dağıdıb, orada donuz saxlayıblar. Bütün bu faktlar elə də uzaq olmayan tarixin üz qarasıdır.
Vətən müharibəsi dünyaya bir daha göstərdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq, qəbirlərdən, ölülərdən, əliyalın insanlardan qisas almır. Azərbaycanlılar mübarizəni döyüş meydanında aparır. 44 günlük müharibə də bunu bir daha dünyaya göstərdi.