Sumqayıtda qanunsuz parklanmaya qarşı keçirilən reydlər nəticəsində 78 sürücü barəsində inzibati protokol tərtib edilib VİDEO




Bakı, 1 fevral, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları avtomobillərin qanunsuz parklanmasına qarşı növbəti reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı Sumqayıt şəhərinin mərkəzi küçələrində və köməkçi yollarda piyadaların sərbəst hərəkətinə maneçilik yaradan və düzgün parklanmayan nəqliyyat vasitələri müəyyən edilib. Gün ərzində keçirilən reydlər zamanı 78 sürücü barəsində inzibati protokol tərtib olunub. Sumqayıtda keçirilən reydlər zamanı qanunsuz parklama xidməti təşkil edən şəxslər də müəyyənləşdiriliblər. Onlar da inzibati məsuliyyətə cəlb olunublar.
Profilaktik tədbir zamanı, həmçinin Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər də müəyyənləşdiriliblər. Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparıblar. Tədbir nəticəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onların barəsində inzibati tənbeh tədbiri görülüb.
Sumqayıtda keçirilən tədbir zamanı avtobuslarında tibbi maskadan istifadə etməyən, yalnız polis əməkdaşlarını görən zaman sanitar qaydalara əməl edən və bununla da infeksiyanın yayılma riskini artıran şəxslərin müəyyənləşdirilməsi üçün mülki geyimli polis əməkdaşları da xidmətə cəlb olunublar. Nəticədə avtobuslarda tibbi maskadan istifadə etməyən 62 nəfər müəyyən olunub. Onların barələrində inzibati protokol tərtib edilib.
Tədbir zamanı peyvənd olunmayan, özü və sərnişini tibbi maskadan istifadə etməyən taksi sürücüləri də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Sumqayıt şəhəri ərazisində sanitar-karantin və parklanma qaydalarına əməl olunmasına polis əməkdaşları tərəfindən nəzarətin gücləndirilməsi məqsədilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.